26/11/2018 12:33

122 000 insan mina və partlamamış sursatlardan zərər çəkib

Bu gün İsveçrənin Cenevrə şəhərindəki BMT-nin Millətlər Sarayında “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin növbəti illik konfransı öz işinə başlayıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən “AzeriDefence”yə verilən məlumata görə, bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2018” hesabatını ictimaiyyətə təqdim edib. Bu Hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 20-ci illik hesabatdır.

Hesabatda bildirilib ki, hazırda 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 33 dövlət bu Konvensiyaya qoşulmayıb. Yalnız bir ölkənin – Myammarın hökümət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır (100 km2 –dən çox).

Hesabat dövründə 47 olkədə 7239 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir ki, bunun da 2793 nəfəri həlak olduğu qeyd olunub. Qeydə alınmış qurbanların 87%-i mülki şəxslərdir ki, onların da 47%-ni uşaqlar və 13 %-ni qadınlar təşkil edir. Ümumilikdə Landmine Monitor Report 1999-cu ildən indiyədək 122000 insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə alıb ki, bunun da 86000 nəfəri yaralanan şəxslərdir.

Donor ölkələr və ərazisində minaların olduğu ölkələr (10 milli hökümət) tərəfindən beynəlxalq səviyyədə 771,5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu vəsaitin 98,3 milyon ABŞ dolları ərazisində minaların olduğu ölkələrin milli hökümətlərinin payına düşür. Ümumilikdə keçən hesabat dövrü ilə müqayisədə 203,6 milyon ABŞ dolları çox vəsait ayrılıb.

Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazidə minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 128 km2 ərazi minalardan təmizlənib. 168000 ədəd piyada əleyhinə və 7500 tank əleyhinə mina məhv edilib. Son beş ildə 832 km2 ərazi təmizlənib, 1,1 milyon piyada əleyhinə və 66 000 tank əleyhinə mina məhv edilib.

Hesabat dövründə 500 000 ədəd mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 54 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirilib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Hesabatda bildirilir ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.

Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Mina ehtiyatı sovet dövründən qalmadır, rəsmi şəxslər bildiriblər ki, 1994-cü ilədən konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.

2017-cı ilin sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina/müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb. 2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfər həlak olub və 1 nəfər yaralanıb.