15/06/2017 17:34

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər həyata keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi və Füzuli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda “Milli qurtuluşdan başlanan yollar” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli rayon icra hakimiyyətinin rəhbərliyi və qonaqlar əvvəlcə xalqın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyublar.

Hərbi orkestrin ifasında təntənəli fanfara ifa edildikdən sonra 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı başlanıb.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub.

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Horadiz şəhəri və rayonun 20-dən çox yaşayış məntəqəsi məhz H. Əliyevin Azərbaycan hakimiyyətinə yenidən qayıdışından sonra, Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilib, Horadiz qəsəbəsi xarabaları üzərində yenidən dirçələrək müasir yaşayış məntəqəsinə çevrilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, ordu quruculuğundakı müstəsna fəaliyyətindən danışıb.

Böyük inamla bildirib ki, Heydər Əliyev ideyalarına həmişə sadiq olan Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında aprel döyüşlərindəki qələbəni təzələməyə hazırdır və işğal altında olan digər torpaqlarımız da xalq ilə ordunun birliyi, qələbəyə inamı ilə azad ediləcəkdir.

Vaxtilə bu bölgədə birlik komandiri vəzifəsində xidmət etmiş ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Horadizin azad edilməsində xüsusi xidmətləri olmuş sabiq hərbi hissə komandiri ehtiyatda olan polkovnik Şair Ramaldanov İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını deyiblər.

Tədbir “Biz gedirik Qarabağa” şüarı ilə, “Horadiz halayı”ndan “Qələbə halayı”nadək nidaları altında başa çatıb.