03/12/2017 22:39

Tehranda Azərbaycan və İran sərhəd mühafizəsi rəhbərlərinin görüşü keçirilib

Dekabrın 3-də Tehranda İran və Azərbaycanın sərhəd mühafizəsi rəhbərlərinin 10-cu iclası keçirilib.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, iclasda sərhəd məsələləri üzər müxtəlif sahələrdə müştərək əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasda çıxış edən İran Sərhəd Qoşunlarının komandanı Qasim Rezayi iki ölkənin sərhədlərindən qeyri-qanunu keçidin baş vermədiyini qeyd edib: “Sərhədçilərin koordinasiyalı əməkdaşlığı və aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti nəticəsində iki ölkənin sərhədlərindən  qaçaqmalçılıq baş vermir. Sərhədçilərimizin əməkdaşlığı nümunə göstəriləcək dərəcədədir. Bunun nəticəsidir ki, İran-Azərbaycan sərhədində problem yaşanmır”.

O qeyd edib ki, İranın quruda Azərbaycanla 759 kilometr müştərək sərhədi var və bu amil iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini tələb edir.

Qasim Rezayinin sözlərinə görə, ötən 10 il ərzində müxtəlif vaxtlarda iki ölkənin sərhədçiləri arasında Astara, Parsabad, Naxçıvan kimi sərhəd şəhərlərində 10 iclas keçirilib.

Q.Rezayi hazırda sərhəd keçid məntəqələrinin 24 saat iş rejiminə keçməsi ilə bağlı müzakirələrin davam etdirildiyini qeyd edib: “Gələn ay iki ölkə arasında müqavilə imzalanacaq.  Astara sərhəd-keçid məntəqəsində iki ölkənin sərhədçilərinin iclası keçiriləcək və dəmir yolu ilə qatarların gediş-gəlişinin təşkili, sərhəddən sərnişin və yüklərin daşınması ilə bağlı əlaqələndirilmənin aparılması müzakirə olunacaq.

İran Sərhəd Qoşunlarının komandanı ötən il iki ölkənin sərhəd komandirlərinin Bakıda keçirilən iclasda bir sıra razılaşmaların əldə olunduğunu qeyd edib: “Həmin sənədlərin bir qismi icra olunub. Bugünkü iclasda həmin müddəaların icrasının zəruriliyi vurğulandı”.

O qeyd edib ki, iki ölkənin prezidentləri İlham Əliyev və Həsən Ruhani arasındakı səmimi görüşlər ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradıb.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iki ölkə arasında əlaqələrin və sərhədlərdə təhlükəsizlik təminatının yüksək səviyyədə olduğunu qeyd edib.

E.Quliyev görüşlərin nəticəsi olaraq, vətəndaşların sərhəddən keçməsində rahatlığın təmin olunduğunu qeyd edib: “Azərbaycan-İran sərhədində heç bir problem yoxdur. 2017-ci ilin ötən 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin və tranzit keçidin həcmi 30 faiz artıb. Bu artım iki ölkənin qarşılıqlı əməkdaşlığı nəticəsində baş tutub”.

O qeyd edib ki, ötən illə müqayisədə sərnişinlərin  şikayətlərinin də həcmi azalıb. İran İslam Respublikasından Azərbaycana səfər edən turistlərin sayı və eləcədə Azərbaycandan İrana gedən sərnişinlərin sayı artmaq üzrədir.