08/12/2017 17:50

ASELSAN Malayziyada gəmi toplarının istehsalına başlayır

Malayziyada Türkiyənin ASELSAN şirkətinin sərmayəsi ilə “ASELSAN-Malayziya” şirkəti qurulub.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

100 faiz ASELSAN-a aid olaraq qurulan “ASELSAN-Malayziya” müəssisəsi uzaqdan idarə olunan silah sistemlərinin yerli istehsalını həyata keçirməyi və Cənub-Şərqi Asiyaya regionuna ixracatı hədəfləyən fəaliyyətləri davam etdirməyi planlaşdırır.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Mühafiz” döyüş modulunun Malayziyada hazırlanması bu çərçivədə əhəmiyyətli bir mərhələ olub. Belə ki, 30 mm-lik “Mühafiz” döyüş modulunun Malayziya Sahil Təhlükəsizlik Komandanlığının patrul gəmilərinə inteqrasiyası davam edir. Malayziya Sahil Təhlükəsizlik Komandanlığı və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətnin iştirakı ilə “Mühafiz” sisteminin sahil patrul gəmilərinə montaj, inteqrasiya və testləri həyata keçirilib.

Qeyd edək ki, ASELSAN 2015-ci ilin sentyabr ayında Malayziya Sahil Təhlükəsizlik Komandanlığının uzaqdan idarə olunan silah sistemləri layihəsini qazanmışdı. Layihə çərçivəsində, Malayziya Sahil Təhlükəsizlik Komandanlığının yeni patrul katerləri ASELSAN istehsalı olan “Mühafiz” uzaqdan idarə olunan silah sistemləri ilə təchiz olunması nəzərdə tutulurdu.

“Mk44 Bushmaster II” topu ilə təchiz olunmuş “Mühafiz” sistemində optik görüş və silah nişangahı sistemin montaj edildiyi platformanın hərəkətlərinə bağlı olmadan hədəf üzərində qala bilməsi üçün ayrı-ayrı stabilləşdirilib. Gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir. Sistem, avtomatik hədəf təqibi və balistik hesablama qabiliyyətinə malik olub üzərinə yerləşdirilmiş olduğu platforma və ya hədəf hərəkət halında olduqda belə yüksək dəqiqliklə atəş açmağa imkan verir.