30/06/2015 12:38

AAHM-də hərbi məktəblərin məzunlarının buraxılışı olub

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Silahlı Qüvvələrinin təhsil müəssisələrinin məzunlarının buraxılış mərasimi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, mərasimdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Azərbaycan Tibb Universitetinin Hərbi Tib fakültəsini bitirmiş məzunlara diplomlar təqdim olunub.

Tədbirdə çəxəş edən Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bildirib ki, müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində olduğundan mərasimə qatıla bilməyib.

N.Osmanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi gündən-günə təkmilləşir, inkişaf edir. Azərbaycan Ali Hərbi məktəblərində təhsil sisteminin təkmilləşdirilməsi üçün aparılan Silahlı Qüvvələrinə hazırlıqlı, vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək Ali Hərbi məktəblərdə təhsil sisteminin təkmilləşdirilməsi işini davam etdirəcəyik. Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsi ordumuzun yüksək ixtisaslı zabit kadrlarla təmin olunmasının qarantıdır. Burada xidmət edən hər bir zabit, gizir, çalışan müəllimlər, təhsil alan kursantlar dövlətimizin adına layiq olmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

N.Osmanov vurğulayıb ki, 2014-2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 473, Ali Hərbi Dənizçilik Məktəbini 18, Ali Hərbi Təyyarəçilik Məktəbini 131 nəfər bitirib.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Sonda kursantlar nizami keçidi olub.

Məzun buraxılış mərasimində Müdafiə Nazirliyinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.