22/06/2019 10:15

AAHM-də məzun buraxılışı keçirilib – YENİLƏNİB – FOTOLAR

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə (AAHM) Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitləri, Ali Hərbi Məktəbin, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və kursantların ifasında dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi  münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu bildirən Nizam Osmanov məzunlara Azərbaycanın gələcəyi, ordumuzun, dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.