27/10/2015 11:31

ABŞ Cənubi Koreyaya qadağa qoydu: Özbəkistana etibar edilmədi

ABŞ hökuməti Cənubi Koreyanın Özbəkistana T-50 təlim-döyüş təyyarələrinin satmasına icazə verməyib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bir müddət əvvəl Cənubi Koreya ilə Özbəkistan arasında 12 ədəd T-50 təlim-döyüş təyyarəsinin alqı-satqısına dair saziş imzalanmışdı. 400 milyon dollar dəyərində olan sazişin reallaşmasına isə ABŞ hökuməti imkan verməyib.

“The Korean Times” qəzeti yazıb ki, bu ilin aprelində iki ölkənin müdafiə nazirləri arasında imzalanan sazişə baxmayaraq, sövdələşmə baş tutmayıb və sənəd öz əhəmiyyətini itirib.

Koreya Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, alqı-satqıya mane olan məqam Özbəkistanın Rusiya ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasıdır. ABŞ-da ehtimal ediblər ki, Özbəkstan T-50-nin texnologiyasını Rusiyaya ötürə bilər.