10/01/2017 10:25

Ekoloji cəhətdən təmiz sursatların yaradılmasına başlanılıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bioloji cəhətdən parçalanan – bitki qatqılı sursatların yaradılmasını sifariş edib.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı “Pentaqon” yayıb.

Təlimlərdə istifadə üçün nəzərdə tutulan bu sursatların yaradılmasında məqsəd mərminin tez bir zamanda parçalanmasına nail olmaqdır.

Məlumatda o da qeyd olunub ki, hər il ABŞ Silahlı Qüvvələri təlimlərdə yüz minlərlə müxtəlif tip sursatlardan istifadə edir. Təlimlərdən sonra qəlpə və gilizlər ərazidə atılıb qalır. Onların bir hissəsi torpağın alt qatına nüfuz edərək, orada on illərlə qalır və böyük hissəsi torpağa qarışmır.

ABŞ hərbi qurumu belə düşünür ki, bu vəziyyətdən və utilizasiya üçün əlavə xərclərdən xilas olmağın yeganə yolu bioloji qatqılı sursatların yaradılmasıdır.

Bir sözlə ABŞ ekoloji cəhətdən təmiz sursatların yaradılmasına başlayıb. Bunlar 120 mm kalibrə qədər olan qumbaraatan və minamyot sursatları, həmçinin 155 mm-lik artilleriya top mərmiləridir. Gələcəkdə isə patron istehsalında da bu vasitələrdən istifadə olunacaq.