18/05/2015 10:35

ABŞ-da gələcəyin zirehli maşını nümayiş olundu


ABŞ-da döyüş xəttində daha manevrli hərəkət etmək, şəxsi heyətin təhlükəsizliyinə maksimum nail olmaq üçün yeni zirehli transportyor istehsal edilib.

“AzeriDefence”nin məlumatına görə, gələcəyin zirehli maşını hesab olunan bu hərbi nəqliyyat vasitəsi CAMEL (Concept for Advanced Military Explosion-Mitigation Land) adlandırılıb.

Maşının üstünlüklərindən biri odur ki, bu nəqliyyat vasitəsində əsgər üçün yüksək rahatlıq yaradılıb. Bundan başqa partlayış anında yaranan zərbə kütləsi tətbiq olunan texnologiyanın sayəsində hərbçidən yan keçir. Yəni hərbçinin ölümcül xəsarət almasının qarşısı alınır.

Belə ki, maşının korpusu “U” şəkilli olub, zərbənin maksimum qarşısının alınmasına hesablanıb. Korpusdan əlavə olaraq, maşının daxili hissəsi də qoruyucu qatla örtülüb.
Maşının oturacaqları da xüsusi detallar nəzərə alınmaqla istehsal olunaraq, yerləşdirilib. Oturacaqlara kəmərlər, ayaqların isə qoyulması üçün xüsusi yerlər düzəldilib. İstehsalçıların fikrincə, bu şəkildə zərbə paylanır və hərbçin bel və ayaq nahiyəsindən xəsarət almaqdan qorunur.

Bu nəqliyyat vasitəsindən yaralıların daşınması üçün də rahat şəkildə istifadə etmək mümkündür.

Zirehli transportyor artıq real təhlükələr tətbiq olunmaqla yoxlamadan da keçirilib.