01/12/2017 23:43

ABŞ-dan regiona 17.5 milyard dollar dəyərində silah ixracatı: Rusiya təhdidinə cavab, yoxsa modernləşməyə dəstək ?– ANALİZ

"Patriot" ZRK

Son iki il ərzində ABŞ Hökuməti Xarici Hərbi Satış proqramı (FMS) üzrə postsovet respublikalarına və keçmiş sosialist blokuna (Varşava Müqaviləsi Təşkilatına) üzv olmuş Avropa ölkələrinə silah satışına dair 17.5 milyard dollar dəyərində 10 sazişi təsdiq edib.

“AzeriDefence”nin ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) açıqladığı müqavilələr əsasında apardığı təhlillərə görə, bu sazişlərin əsas hissəsini Polşaya və Rumıniyaya silah satışları təşkil edib.

Satışların tərkibində əsas ağırlığı “Patriot” zenit-raket kompleksləri (ZRK) təşkil edib. Bu hava hücumundan müdafiə sistemlərinin satışı daha çox  Rusiyanın bölgədə aktivləşməsi və NATO sərhədləri yaxınlığında “İsgəndər-M” raketləri yerləşdirməsinə cavab kimi xarakterizə olunur. ABŞ-ın son altı ay ərzində Rumıniya və Polşaya HİMARS artilleriya sistemlərinin satışı da bir növ Alyansın sərhəddəki “qüvvələrinin” gücləndirilməsi anlamına gəlir.

Cari ilin noyabr ayında ABŞ Hökuməti Gürcüstana 75 milyon dollar dəyərində “Javelin” TƏİRK satışına icazə verib. Layihə üzrə Gürcüstan Ordusuna 410 ədəd “Javelin” raketi və 72 ədəd raket buraxıcı qurğu, onun ehtiyat hissələri çatdırılacaq. Bundan əvvəl, 2015-ci ilin dekabr ayında Vaşinqton digər postsovet dövləti olan Litvaya 55 milyon dollar dəyərində “Javelin” kompleksinin (220 raket və 74 buraxıcı qurğu satışını reallaşdırıb.

Noyabr ayında ABŞ Hökuməti Polşanın müasir silah sistemləri ilə silahlandırılması ilə bağlı bir neçə layihəni təsdiq edib. Bunlardan biri noyabr ayının 17-də təsdiq olunan Müasirləşdirilmiş Hava və Raketdən Müdafiə (IAMD) kompleksinin (Patriot PAC 3+ konfiqurasiyası) satşına dair 10.5 milyard dollarlıq saziş oldu. Saziş üzrə Polşaya 4 “Patriot” batareyasının (üstəgəl 208 raketin) çatdırılması planlaşdırılır. DSCA-nın açıqlamasında bildirilib ki, “satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmağa kömək edərək, ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Polşa raket əleyhinə müdafiə qabiliyyətini artırmaq, ərazi bütövlüyünü müdafiə etmək və regional təhdidlərin qarşısını almaq üçün IBCS-lə təchiz edilmiş “Patriot” raket sistemindən istifadə edəcək”.

HIMARS

Noyabrın 28 –də isə DSCA Polşa ilə imzalanan daha iki müqaviləni bəyan edib. Bunlardan biri 250 milyon dollar dəyərində 150 ədəd AIM-120C-7 AMRAAM “hava-hava” raketlərinin satışı ilə bağlıdır. Qeyd edək ki, Polşa əvvəl də AIM-120C-7 raketini satın alıb. İkinci saziş isə Polşaya HİMARS Yüksək Mobilliyə malik Artilleriya Raket Sisteminin satışını etiva edir. 250 milyon dollar dəyərində saziş üzrə Polşa Hökuməti ABŞ-dan 16 ədəd GMLRS sistemi, habelə artilleriya dəstək maşınları, komanda nəzarət vasitələri, 61 ədəd ATACMS operativ-taktik raket, 1642 raket  və digər vasitələr əldə edəcək.

ABŞ və Polşa arasında silah satışına dair 2016-cı ildə də bənzər müqavilələr olub. Bu kontekstdə Birləşmiş Ştatlar 2016-cı ilin noyabr ayında Polşaya JASSM-ER raketlərinin satışına dair 200 milyon dollarlıq müqaviləni təsdiqləyərək icrasına başlayıb. Müqavilə çərçivəsində Polşaya 70 ədəd AGM-158B JASSM-ER raketi, uşuş test vasitələri və buraxıcılar və s. daxil olmaqla ixracat həyata keçirilib.

Cari ildə ABŞ tərəfindən (oktyabr ayında) Çexiyaya 575 milyon dollar dəyərində 12 ədəd UH-1Y helikopteri və onun ehtiyat hissələrinin, 12 ədəd 7.62 mm çaplı M240 pulemyotu, “Brite Star II” FLIR sistemi, AN /AAR-47 raket hücumundan xəbərdarlıq və lazer aşkarlama sistemi, AN /APR-39 GAU-17A və GAU-21, elektron müharibə sistemləri, habelə digər avionik və xəbərdarlıq sistemlərin, aprel ayında isə Slovakiyaya 150 milyon dollar dəyərində 9 ədəd “Bell-429” helikopterinin və bu helikopterlərdə istifadə üçün WESCAM MX-10 kameraları və ehtiyat hissələr daxil olmaqla məhsulun satışına dair saziş təsdiq edilib.

Cari ilin avqust ayında isə Dövlət Departamenti Rumıniyaya HİMARS raket sisteminin satışına dair 1.25 milyard dollarlıq sazişi təsdiqləyərək Rumiyanın müasir artilleriya sistemləri ilə silahlandırılmasına start verib. Sözügedən müqavilə çərçivəsində Rumıniya 54 ədəd HİMARS kompleksi, artilleriya yedək maşınları (daşıyıcı, yükləyici, komanda, kəşfiyyat və s) əldə edəcək. Rumıniya ilə daha bir mühüm müqavilə isə bu ölkəyə Patriot ZRK –nin satışıdır. Belə ki, DSCA iyul ayının 11-də Dövlət Departamenti tərəfindən iki ölkə arasınnda “Patriot” ZRK-lərin alğı-satqısına dair 3.9 milyard dollar dəyərində müqavilənin təsdiq edildiyini duyurub.

Qeyd edək ki, bura Xarici Maliyyələşdirmə Proqramı (FMF) çərçivəsində keçmiş sosialist bloku və postsovet respublikalarına yardım şəklində verilən silah və hərbi texnikalar daxil deyildir. 

Rəşad Süleymanov