29/08/2019 12:18

ABŞ Dövlət Departamenti Litvaya 500 ədəd JLTV maşınının satışına icazə verib

ABŞ Dövlət Departamenti Litvaya 500 ədəd JLTV (Joint Light Tactical Vehicle) zirehli maşının satışına icazə verib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Müqavilənin dəyəri 170.8 milyon dollar təşkil edir.

ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi satışın sertifikatlaşdırılması üçün layihəni avqustun 27-də Konqresə təqdim edib.

ABŞ Litva Ordusuna JLTV zirehli avtomobillərlə yanaşı inteqrasiya dəstləri, zireh, ehtiyat hissələri, o cümlədən atış yerini aşkarlayan “Bumeranq III” sistemi, GPS dəstləri, 8 portlu rabitə dəstləri, M153 CROWS idarə olunan silah sistemi və CROWS əsaslı V2 inteqrasiya dəsti tədarük edəcək. Bundan başqa müqaviləyə kadr hazırlığı və təlim avadanlıqları, mühəndislik, texniki və logistika xidmətləri və s. daxildir.

Qeyd edək ki, JLTV zirehli avtomobillərinin əsas podratçısı “Oshkosh Defense” şirkətidir.

Litva Müdafiə nazirinin müavini Giedrimas Jeglinskas isə bildirib ki, Litva 2020-2024-cü illərdə ABŞ-dan 200 ədəd JLTV almağı düşünür. Bu satınalmanın həcmi 142 milyon dollardır.

JLTV avtomobilinin çəkisi 6.5 tondur. “GM Duramax V8” mühərrikinə malik olan avtomobil 300 at gücündədir. JLTV-nin gediş ehtiyyatı təxminən 500 kilometr təşkil edir.