07/12/2017 13:10

ABŞ F-35A qırıcısında füzelyajın bir hissəsinin havada qopmasını etiraf etdi

ABŞ Hərbi Hava Qüvvələri F-35A döyüş təyyarəsində füzelyajın bir hissəsinin havada qoparaq yerə düşməsini etiraf edib.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Defense News” portalı məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrindən bildirilib ki, Kadena (Yaponiya) təyyarə bazasına məxsus F-35A qırıcılarından birində uçuş zamanı füzelyajının bir hissəsi qopub: “Uçuşdan əvvəl yoxlanılan qırıcının füzelyajının təxminən 30-60 santimetrlik ölçüdə bir hissəsi uçuş zamanı qoparaq düşüb”.

Füzelyaj elementinin bir hissəsinin olmaması, qırıcı yerə endikdən sonra müəyyən edilib. Hadisə Yaponiyanın Okinava regionunun 100 km şərqində təlim uçuşu zamanı baş verib.

Məlumatda o da qeyd olunub ki, son bir neçə ayda ABŞ Hərbi Hava Qüvvələri F-35 döyüş təyyarələrini idarə edən pilotlarda səhhətlərinin anlaşılmaz səbəbdən pisləşməsi ilə bağlı halların xeyli sayda artmasını qeydə alıb.

2011-ci ildə ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan beşinci nəsil F-35 “Lightning II” döyüş təyyarələrinin F-35A (baza modeli), F-35B və F35C olmaqla üç modifikasiyası var.