14/11/2017 12:03

ABŞ Hərbi Dəniz Qüvvələri HALE sinif kəşfiyyat-müşahidə PUA-ları alıb

“Northrop Grumman” şirkəti ABŞ Hərbi-Dəniz Qüvvələri üçün istehsal etdiyi MQ-4C “Triton” kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını sifarişçiyə təhvil verib.

“AzeriDefence” “Defenseworld” portalına istinadən xəbər verir ki, yeni aparat yüksək hündürlükdə və uzaq məsafəyə (high altitude, long endurance/HALE) uça bilən kəşfiyyat-müşahidə PUA sinfinə aid edilir.

2008-ci ildə MQ-4C  pilotsuz uçuş aparatının hazırlanması ilə bağlı ABŞ Müdafiə Nazirliyi ilə “Northrop Grumman” şirkəti arasında dəyəri 1.164 milyard dollar olan uzunmüddətli müqavilə imzalanıb. Dörd il sonra istehsalçılar MQ-4C “Triton” PUA-nın ilk prototipini Hərbi Dəniz Qüvvələrlərinin komandanlığına verib.

MQ-4C “Triton” PUA 2014-cü ilin oktyabrında ilk uçuşunu həyata keçirib. Bundan təxminən iki il sonra ABŞ Hərbi Dəniz Qüvvələri bu aparatların birinci partiyasını sifariş edib. Cari ilin mayında ABŞ hərbi komandanlığı bu aparatların daha 3 komplektinin hazırlanması ilə bağlı müqavilə imzalayıb. Razılaşmnın dəyəri 303,9 milyon dollar qiymətləndirilir.

Məlumatda qeyd olunub ki, ilk “Triton” “Poynt Moq” (Kaliforniya ştatı) hərbi obyektində fəaliyyət göstərəcək. Cari ilin sonunadək MQ-4C “Triton” aparatının ikinci partiyası əldə ediləcək. Gələn il isə daha iki “Triton” Guam adasına gətirləcək. Uzunmüddətli havada qala bilən MQ-4C PUA sahilboyu ərazidə kəşfiyyat-müşahidə aparmaq üçün nəzərdə tutulub.

“Northrop Grumman” şirkəti “Triton” PUA-nı RQ-4 “Global Hawk” pilotsuz uçuş aparatının bazasında yaradıb. 17 km hündürlüyə qalxan “Triton” 575 km/saat sürətlə uça bilir. Həmçinin 24 saata qədər havada qalmaq imkanı var. Yeni PUA çoxfunksiyalı radar, videokamera, elektro-optik/infraqırmızı sensorlar, radio kəşfiyyatı, avtomatik identifikasiya sistemi (AIS) və retranslyasiya avadanlıqları ilə təchiz olunub. Bu avadanlıqlar müxtəlif suüstü obyektlərin növlərini aşkar və avtomatik olaraq təsvir etməyə imkan verir.