25/06/2019 19:18

ABŞ-ın Azərbaycandakı səfiri ANAMA-nın direktoru ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovla görüşüb.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ANAMA-nın direktoru Qəzənfər Əhmədov qonaqlara Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan torpaqları, həmçinin Agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor ölkələrlə əməkdaşlığı, eləcə də uzun və qısa müddətli strategiyası haqda məlumat verib. Eyni zamanda, Qəzənfər Əhmədov işğaldan azad olunan Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində və cəbhəxətti ərazilərdə aparılan humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı geniş informasiya təqdim edib və ABŞ-ın ANAMA ilə NATO/NSPA-nın birgə həyata keçirdiyi Ceyrançöl Təmizləmə Layihəsinin icrasında, eləcə də indiyədək Agentliyin fəaliyyətində verdiyi dəstəyə görə səfirə öz minnətdarlığını bildirib.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Li Litzenberqer ABŞ tərəfindən ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikirlər səsləndirib.

ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun rəhbəri Elnur Qasımov tərəfindən qonaqlara Agentliyin fəaliyyətini əks etdirən geniş prezentasiya təqdim edilib.