19/08/2017 13:43

ABŞ-ın Əfqanıstana verdiyi UH-60 “Black Hawk”lar Mi-17 helikopterlərini əvəzləyəcək

ABŞ Əfqanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) yaxın həftələrdə çoxməqsədli UH-60 “Black Hawk” helikopterlərinin ilk partiyasını təhvil verəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə NATO-nun “Facebook” səhifəsində xəbər verilib.

Hazırda “Sikorsky” şirkətinin istehsalı olan UH-60 “Black Hawk” helikopterlərinin son sınaqları keçirilir. 4 ədəd UH-60 “Black Hawk” helikopterin sentyabrın sonunadək Əfqanıstan HHQ-yə çatdırılması planlaşdırılıb.

Xatırladaq ki, 2016-cı ilin noyabrında ABŞ senatoru Riçard Blumental açıqlamasında bildirib ki, ABŞ Müdafiə Nazirliyi Əfqanıstanı 53 ədəd təkmilləşdirilmiş UH-60 “Black Hawk” helikopteri ilə təmin edəcək. Məlumatda helikopterlərin çatdırılma müddəti açıqlanmır.

UH-60 “Black Hawk” helikopteri Əfqanıstan Hərbi Hava Qüvvələrinin arsenalındakı Rusiya istehsalı olan Mi-17 helikopterlərini əvəz etməsi üçün nəzərdə tutulub. Hazırda Əfqanıstan HHQ-nin istismarında 50 ədəd Mi-17 helikopteri yer alır.

Qeyd edək ki, ABŞ-ın 2017 maliyyə ilində Əfqanıstan Hərbi Hava Qüvvələrlərinə dəstək üçün 814 milyon ABŞ dolları ayırılıb.