09/01/2017 10:52

ABŞ-ın tank briqadası Rusiya sərhədlərinə yerləşdirilib

NATO ABŞ-ın dəstəyi ilə Şərqi Avropada sərhədlərini gücləndirməkdə davam edir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, əldə olunan razılaşmaya əsasən, ABŞ Polşada tank qoşunlarının sayını artırmağa başlayıb.

Yerli medianın xəbərinə görə, “Atlantic Resolve” adlı əməliyyat çərçivəsində yanvarın 7-də ABŞ-ın tank briqadası Polşada dislokasiya edilib.

Polşaya gələn briqada Jaqan, Sbentoşuv, Skvejin və Boleslavç bölgələrində yerləşdiriləcək.

Yanvarın sonuna qədər Polşadakı ABŞ hərbi birləşmələrinin sayı 3,5 minə qədər artırılacaq. Bu birləşmənin invertarına 400 özüyeriyən tırtıllı artilleriya qurğusu, 900 təkərli özüyeriyən, 87 tank, 18 habutsa, 400 avtomobil daxil edilib.

Polşanın müdafiə naziri Antoniy Maçereviç də informasiyanı təsdiqləyərək, ölkəsində NATO-nun çoxmillətli qoşun birləşmələrinin dislokasiya olunacağını söyləyib.

Bundan başqa yanvarın 3-də ABŞ-ın Litvaya da xüsusi hərbi birləşmələr göndərdiyinə dair xəbərlər də mediada yer alıb.

Litvanın müdafiə naziri Astı Qaldikaytın sözlərinə görə, ABŞ-la müttəfiqlik ölkənin təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

Rusiya isə öz növbəsində qərb sərhədlərində NATO hərbi birləşmələrinin sayının artırılmasını milli təhlükəsizliyi üçün hədə hesab edib.