16/02/2017 14:43

ABŞ-ın yeni ballistik raketi 11 300 km məsafədə hədəfi vura biləcək – FOTO

Raket müxtəlif tip döyüş başlıqları ilə təchiz oluna biləcək

ABŞ Müdafiə Nazirliyi yeni ballistik raketin yaradılması ilə bağlı “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə nazirlik rəsmi açıqlama yayıb.

“Trident II” D5 adlandırılan raketin istehsal layihəsinin dəyəri 540 milyon dollar edəcək. Raketin yaradılması prosesi 2021-ci ilin sonuna qədər yekunlaşdırılacaq.

İstehsal prosesi ABŞ-ın 15 ştatındakı müəssisələrdə həyata keçiriləcək.

Məlumatda o da qeyd olunub ki, “Trident II” D5 öz sinifinə görə son modifikasiyalılardan biri hesab olunur. Atom sualtı gəmilərində dislokasiya olunacaq raketin hədəfə uçuş məsafəsi 11 300 km-dir.

Raket müxtəlif tip döyüş başlıqları ilə də təchiz oluna bilər.

“Trident II” D5 yüksək qorumalı məkanları – bunker və şaxtaları dağıda bilir.

Ehtimal olunur ki, fevralın 14-də həyata keçirilən təlimdə “Trident II” D5 raketi sınaqdan çıxarılıb.