19/08/2017 12:11

ABŞ Livan ordusunu 32 “Bradley” M2A2 döyüş maşını ilə təmin edəcək

ABŞ Beyrut limanında keçirilən mərasimdə Livan Silahlı Qüvvələrinə “Bradley” M2A2 piyadaların döyüş maşınının (PDM) ilk 8 ədədni təhvil verib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ-ın Livana ümumilikdə 32 ədəd “Bradley” M2A2 zirehli maşını verəcəyi nəzərdə tutulur.

Mərasimdə çıxış edən ABŞ-ın Livandakı səfiri Elizabet Riçard bildirib ki, 100 milyon ABŞ dolları dəyərində olan “Bradley” zirehli maşınları Livanın öz sərhədlərini qorumaq, terrorçularla mübarizə aparmaq, təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

E.Riçard qeyd edib ki, yerdə qalan “Bradley” zirehli maşınları yaxın aylarda Livan Silahlı Qüvvələrinə təhvil veriləcək.

“BAE Systems” şirkətinin istehsalı olan “Bradley”in ən böyük üstünlüklərindən biri onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir.

Analoqlarından yüksək manevr qabiliyyətinə, dözümlüyü və döyüş üstünlüyünə görə fərqlənən “Bradley” eyni zamanda mina, artilleriya mərmiləri partlayışına, həmçinin ballistik müdafiə imkanlarına daha çox üstünlüklər verir. Zirehli maşın uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilib.