07/02/2018 17:25

ABŞ Livan Ordusunu silahlandırmaqda davam edir

ABŞ Livan Silahlı Qüvvələrinə “Bradley” M2A2 piyada döyüş maşınının (PDM)  ikinci partiyasını təhvil verib.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Livana ümumi dəyəri 100 milyon dollar məbləğində olan yardım çərçivəsində 32 ədəd “Bradley” M2A2 zirehli maşını verəcəyi nəzərdə tutulub. Amerikalılar Livanı yeni texnikalarla təchiz etməklə yanaşı, Livan hərbçiləri üçün təlimlər də keçəcəklər.

Xatırladaq ki, ABŞ Livana “Bradley” M2A2 piyada döyüş maşınının ilk partiyasını (8 ədəd) 2017-ci ilin avqust ayında çatdırıb. “Bradley” M2A1-in müasirləşdirilmiş növü olan “Bradley” M2A2 PDM ilk dəfə 1988-ci ildə nümayiş edilib. “Bradley” M2A2 zirehli maşını 25 mm-lik M242 “Buşmaster” topu və 7,62 mm-lik M240C pulemyotu ilə silahlandırılıb. Həmçinin zirehli döyüş maşınına iki ədəd TOW tank əleyhinə raket kompleksi yerləşdirilib.

Son 12 il ərzində ABŞ hökuməti Livan ordusunun təchizatı və hərbçilərə təlimlərin keçirilməsi üçün 1.5 milyard dollardan çox vəsait ayırıb. Həmçinin ABŞ-ın köməkliyi ilə bu ölkənin 32 mindən çox hərbi qulluqçusuna təlim keçirilib.

Qeyd edək ki, “BAE Systems” şirkətinin istehsalı olan “Bradley”in ən böyük üstünlüklərindən biri onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Analoqlarından yüksək manevr qabiliyyətinə, dözümlüyü və döyüş üstünlüyünə görə fərqlənən “Bradley” eyni zamanda mina, artilleriya mərmiləri partlayışına, həmçinin ballistik müdafiə imkanlarına daha çox üstünlüklər verir. Zirehli maşın uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilib.