14/12/2017 14:57

ABŞ Livana 120 milyon dollarlıq növbəti silah-texnika göndərəcək

ABŞ Livana 120 milyon ABŞ dolları dəyərində əlavə hərbi yardım göndərməklə bağlı qərar qəbul edib.

“AzeriDefecne” TASS agentliyə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Livandakı səfiri Elizabet Riçard məlumat verib.

Bildirilib ki, dünən ABŞ səfiri Livanın baş naziri Saad Həriri ilə görüşüb. Görüşdə həmçinin, ABŞ mərkəzi komandalığının rəhbəri Cozef Votel də iştirak edib.

“Biz görüş zamanı, ABŞ Müdafiə Nazirliyinin xətti ilə Livana yardım proqramını müzakirə etdik. Qeyd edim ki, Livana göndəriləcək 120 milyon dollar məbləğində yeni silah partiyasına 6 ədəd pilotsuz uçuş aparatları, rabitə vasitələri, 6 ədəd yüngül MD-530 çoxfunksiyalı helikopterləri, gecəgörmə cihazları və digər avadanlıqlar daxildir”, – deyə səfir əlavə edib.

Onun sözlərinə görə, hərbi texnika və avadanlıqlar ölkə sərhədlərinin müdafiəsi və antiterror əməliyyatları zamanı Livan Ordusunun imkanlarını gücləndirməyə imkan verəcək.

Xatırladaq ki, bir müddət əvvəl səfirlik bildirmişdi ki, Livan ABŞ-da hərbi yardım alan ölkələrin top beşliyinə daxil olur. Son 10 il ərzində ABŞ Livana 1.5 milyard dollarlıq silah və hərbi texnika yardımı edib.