27/05/2012 16:34

ABŞ ordusu sentyabrda Əfqanıstanda HULC ekzoskeletin sınaqlarına hazırlaşır – FOTO

ABŞ ordusunun mühəndis-tədqiqat mərkəzi (NSRDEC) Lockheed Martin şirkəti ilə birgə HULC (Human Universal Load Carrier) adlı ekzoskeletin (xarici sklet) çöl sınaqlarına hazırlaşır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Lockheed Martin şirkəti məlumat yayıb.

Sınaqların 2012-ci ilin sentyabr ayında Əfqanıstanda keçirilməsi nəzərdə tutulub.

İstehsalçı şirkət hazırda sistem üçün “Protonex Technology” firması tərəfindən hazırlanmış elektrik təchizatının testlərin keçirir. Bu elektrik təchizatı robot-ekzoskeletə mürəkkəb tapşırıqların icrası zamanı 72 saatdan artıq müddətdə işləməyə imkan verəcək.

Lockheed Martin şirkətinin məlumatına görə, idarə sisteminin optimallaşdırılmış proqram təminatı, batareyaların həcminin artımı və erqonomikanın təkmilləşdirilməsi sayəsində HULC sistemini öz sələfləri ilə müqayisədə daha müasir olub.

Batareya ilə çalışan, hidravlik, insana uyğunlaşdırılmış (antropomorfik) bir dəstək sistemi olan HULC elastik konstruksiyaya malikdir. Hansı ki, bu ekzoskeleti geyinmiş əsgər çömbələ, sürünə, iməkləyə və üzərində yüklə ayağa qalxa bilər. Sistem həmçinin əzələ travması ehtimalını aşağı salır.

HULC təchiz edilmiş əsgər istənilən ərazi şəraitində 90 kq yükü bir dəfə doldurulmuş bateraya hesabına 20 km uzaqlığa aparmağa imkan verəcək.

Fotolardan göründüyü kimi, HULC sistemi bədənin müxtəlif nöqtələrinə bağlanır. Bədənə təmas edən xüsusi sensorlar piyadanın hərəkət formasından hansı fiziki hərəkəti etmək istədiyini təsbit edərək, avtomatik olaraq eyni anda hidravlik mexanizmləri hərəkətə keçirir və bu sayədə əzələ və skeletə dəstək olur. Sistemə eyni zamanda enerji sərfinə nəzarət edən computer daxildir. Kompüter piyadanın hərəkətlərinə nəzarət edərək, lazım olmadığı zaman “stand by” rejiminə keçir və enerjiyə qənaət edilmiş olur. Batareyadakı enerji tükəndiyi zaman belə, HULC sistemi məhdud səviyyədə olsa belə mexaniki rejimdə işə davam edir.

Qeyd edək ki, HULC-un ilk nümunəsi 2010-cu ilin oktyabrında laboratoriya sınaqlarını keçib.