31/01/2018 10:57

ABŞ Ordusu THAAD komplekslərinin yeni partiyasını alacaq

ABŞ Raket Əleyhinə Müdafiə Agentliyi “Lockheed Martin” korporasiyasına 459 milyon dollar məbləğində yeni partiya raket alınması ilə bağlı sifariş verib.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Lockheed Martin” korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Şirkətdən bildirilib ki, 2017-2018-ci illər ərzində ABŞ hökuməti ordu üçün THAAD (Terminal High Altitude Area Defense) raket əleyhinə müdafiə sistemləri üçün 1.28 milyard dollar məbləğində raket sifariş veriblər. Sınaqlar zamanı THAAD 200-dən çox raketin qarşısını alaraq test mərhələsini müvəffəqiyyətlə başa vurub.

THAAD hərbi obyektlərin müdafiəsindən tutmuş, əhəmiyyətli hərbi məntəqələrin yaxın və orta mənzilli ballistik raketlərdən müdafiə edən sistemdir. THAAD kompleksi hədəfi mərmi basşlıqlar vasitəsilə deyil, birbaşa toqquşma ilə məhv edir ki, bu da onun effektivliyini artırır. Hərəkət məsafəsi 200 km olan bu sistem 150 km hündürlükdə hədəfi vurmağa qadirdir.

Qeyd edək ki, THAAD sistemi 90-cı illərdə “Lockheed Martin” korporasiyası tərəfindən hazırlanıb. Raket komplekslərinin seriyalı istehsalatına isə 2006-ci ildən başlanılıb. Hazırda THAAD kompleksləri ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreya ordusunun istifadəsindədir. Yaponiya və Səudiyyə Ərəbistanında onların yerləşdirməsi isə planlaşdırılır.