19/12/2018 11:40

ABŞ “Patriot” ZRK-nin Türkiyəyə satışını təsdiqləyib

ABŞ Dövlət Departamentində “Patriot” zenit-raket komplekslərinin (ZRK) Türkiyəyə tədarükü barədə qərar qəbul edilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb. ABŞ Dövlət Departamenti Türkiyəyə “Patriot” ZRK-nin satış təklifini ABŞ Konqresinə bildirib.

Dövlət Departamenti Ankaraya təxminən 3.5 miliyard ABŞ dolları dəyərində 4 AN/MQP-65 radar qurğu, 20 M903 işəsalma qurğu, proqram təminatına uyğun olan nəzarət stansiyaları və digər müvafiq avadanlıqlarla yanaşı 80 ədəd MIM-104E “Patriot” raketi və 60 ədəd PAC-3 raketinin satışını təsdiqləyib.

Qeyd edək ki, 1984-cü ildə ABŞ Ordusunun silahlandırılmasına daxil olan “Patriot” kompleksləri bir neçə dəfə təkmilləşdirilib. “Patriot”un son təkmilləşdirilən variantı PAC raketləri ilə təchiz edilib. “Patriot PAC-3” zenit-raket kompleksləri təyyarələr, uzaqmənzilli və qanadlı raketlər, pilotsuz uçuş aparatları və hava hücumuna daxil olan digər silahlardan qorunmaq üçün mükəmməl döyüş qurğusu hesab olunur.