17/01/2018 12:53

ABŞ PKK terror təşkilatına gizli zenit-raket kompleksləri verib

ABŞ PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə gizlicə daşınan zenit-raket kompleksləri verib.

“AzerDefence”nin məlumatına görə, bu barədə “Al-Masdar” agentliyi xəbər yayıb.

ABŞ hərbçiləri adı bilinməyən zenit-raket komplekslərini ötən həftə PYD/YPG terror qruplaşmasının nəzarətində olan Afrin bölgəsinə çatdırıb. Yaxın mənzilli ZRK-lər ABŞ və PYD/YPG arasında ikitərəfli gizli razılaşma əsasında terror təşkilatına verilib.

Məlumatda o da qeyd olunub ki, zenit-raket kompleksləri Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı zamanı İŞİD terrorçularından azad etdiyi ərazidəki suriyalı müxaliflərə qarşı istifadə edilmək üçün nəzərdə tutulub.

Türkiyə mətbuatında yer alan məlumata görə, ABŞ bəyanat verib ki, Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi, 30 minlik ordu quracaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın Suriyada formalaşdırmaq istədiyi 30 minlik terrorçu ordunu məhv edəcəklərini bəyan edib. Türkiyə prezidenti bildirib ki, ABŞ-ın Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planı Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradır.

Artıq Türkiyə Suriya sərhədi yaxınlığına tank və zirehli maşınlar daxil olmaqla çox saylı hərbi texnika cəmləşdirib.