27/04/2017 18:08

ABŞ Rusiyaya orbitdən zərbə endirmək üçün yeni silah sistem yaradır

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini, general-leytenant Viktor Poznixir ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib.

“AzeriDefence”nin məlumatına görə, Təhlükəsizlik üzrə VI Moskva beynəlxalq konfransında çıxış edən Viktor Poznixir deyib ki, ABŞ orbitdən hücum əməliyyatlarının həyata keçirilməsi üçün yeni silah sistemləri formalaşdırır.

Onun sözlərinə görə, burada əsas hədəf Rusiya Federasiyasının Silahlı Qüvvələrinin komanda məntəqələridir.

V.Poznixir deyib ki, orbitdə yaradılan sistemlər yüksək dəqiq atəş imkanlarına malik silah kompleksləridir. Bu qlobal zərbələrə hazırlıq deməkdir:

“Buna görə də Rusiya adekvat tədbirlər görmək məcburiyyətindədir. Biz bütün imkanlardan istifadə edəcəyik ki, bu cür qlobal zərbələrin qarşısı alınsın. Lakin bu silah yarışı nə bizə, nə də heç bir ölkəyə lazım deyil”.