05/02/2018 11:26

ABŞ şirkəti yeni “tapança-smartfon” hazırlayıb – VİDEO

ABŞ-ın “Ideal Conceal” şirkəti Las-Veqasda keçirilmiş “Shot Show 2018” sərgisində “tapança-smartfon” nümayiş etdirib.

“AzeriDefence”nin “Ideal Conceal”in rəsmi saytına istinadən verdiyi xəbərə görə, şirkət rəhbəri Kirk Kjellberq bildirib ki, uzun zaman üzərində işlədikləri silahın hazırlanması çox çətinliklə başa gəlib.

“Tapança çox maraqlı alındı, buna görə sərgidə şirkətin stendinə çox diqqət cəlb edildi. Görünüşcə tapança böyük smartfona oxşayır. Bu tapançanın əsas üstünlüyü də bundadır. Yeni tapançanı restoranda rahatlıqla masaya çıxartmaq olar və çox az adam müəyyən edə biləcək ki, bu silahdır”, – deyə şirkət rəhbəri vurğulayıb.

İki lüləli “tapança-smartfon” üzərindəki düyməni basmaqla açılır və atışa hazır vəziyyətə gətirilir. 520 qram çəkisi olan tapança patron tutumu açıqlanmayan daraqla dəstləşdirilir. Tapançanın darağı silahın yuxarı hissəsində yerləşdirilir. ATF kateqoriyasına daxil edilən yeni tapança 500 ABŞ dollarına satılacaq.