17/04/2019 14:14

ABŞ son 5 ildə postsovet respublikalarına 1.31 milyard dollarlıq silah satıb – ARAŞDIRMA

Son onillikdə ABŞ Hökuməti Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı çərçivəsində postsovet respublikalarına silah və hərbi texnika satışlarını artırıb. “AzeriDefence”nin məlumatına görə, hazırda ABŞ region dövlətlərinə Xarici Hərbi Maliyyələşmə (Foreign Military Finance – FMF) proqramı çərçivəsində yardımlar və FMS proqramı üzrə satışlar həyata keçirir.

ABŞ Hökuməti 2015-ci ilin sonlarında imzalanmış müqavilə çərçivəsində Litvaya təxminən 599 milyon ABŞ dolları dəyərində 84 ədəd “Stryker” piyada döyüş maşını, 30 mm çaplı ATK XM-813 topunun, maşın və silahlar üçün ehtiyat hissələrin, radiostansiyaların və s. avadanlıqların, həmin ilin dekabr ayında isə 55 milyon dollar dəyərində 74 ədəd “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) buraxıcı qurğusunun və 120 ədəd raketin satışına icazə verib.

ABŞ Dövlət Departamentinin 2014-cü ilin oktyabr ayında verdiyi icazə əsasında FMS çərçivəsində digər Baltik dövləti Estoniyaya təxminən 55 milyon dollar məbləğində “Javelin” TƏİR kompleksinin satışı həyata keçirilib. Müqaviləyə uyğun olaraq, Estoniya ABŞ-dan 350 ədəd raket, 102 ədəd buraxıcı qurğu, 16 ədəd simulyator, habelə texniki dəstək alıb.

2018-ci ilin avqust ayında isə Dövlət Departamenti FMS çərçibvəsində Latviyaya 200 milyon ABŞ dolları dəyərində 4 ədəd UH-60M “Black Hawk” helikopterinin və helikopterlər üçün müxtəlif avadanlıqların satışını təsdiqləyib.

Əvvəlki illərdə FMS proqramından NATO-ya üzv olan Baltik dövlətləri yararlana bildikləri halda, son illərdə bu siyahıya Gürcüstan və 2015-ci ildən Ukrayna qoşulub.

Sözügedən proqrama uyğun olaraq, Gürcüstan 2017-ci ildə imzalanmış, dəyəri 75 milyon dollar təşkil edən müqavilə əsasında ABŞ-dan 72 ədəd “Javelin” buraxıcı qurğusu, 410 ədəd raket, 70 simulyator, habelə ehtiyat hissələr əldə edib. Xatırladaq ki, ABŞ Gürcüstan Ordusuna “Öyrət və təchiz et!” proqramı çərçivəsində 2004-cü ildən etibarən böyük həcmli maddi-texniki təminat yardımı göstərib.

2018-ci ilin mart ayında FMS proqramı çərçivəsində Ukraynaya ilk dəfə olaraq 47 milyon dollar dəyərində “Javelin” tank əleyhinə idarə olunan raketin satışına icazə verilib. Sözügedən müqavilə üzrə Ukrayna ABŞ-dan 37 ədəd “Javelin” buraxıcı qurğusu, 210 ədəd raket və ehtiyat hissələr alıb.

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ilin mart ayından ABŞ Ukraynaya FMF çərçivəsində hərbi-texniki yardımlar göstərməyə başlayıb. 120 milyon dollar dəyərində ilk yardım paketi çərçivəsində Ukraynaya 240 ədəd “Humvee” maşını, həmçinin PUA-lar, atəş təsbit radarları (AN/TPQ-36 “Firefinder” və AN/TPQ-48A LCMR), gecəgörmə qurğuları, tibbi ləvazimatlar göndərib. Sonrakı illərdə daha 75 milyon dollar dəyərində yardımlar edilib.

Qeyd edək ki, yuxarıda bəhs edilənlər FMS proqramı üzrə xarici satışlardır. ABŞ FMF proqramı üzrə ötən dövrdə adıçəkilən respublikalarla yanaşı Azərbaycan, Türkmənistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistana yardımlar edib. Həmçinin Əfqanıstandan çıxardığı hərbi nəqliyyat vasitələrinin bir qismini dəyərindən aşağı qiymətə Özbəkistana satıb.