15/02/2018 12:07

ABŞ Ukrayna Ordusuna 2500 ədəd yeni gecəgörmə cihazları verib

ABŞ Ukrayna Silahlı Qüvvələrinə təmənnasız yeni AN/PVS-14 gecəgörmə cihazları verib.

“AzeriDefence” “Defence-blog”a istinadən xəbər verir ki, cihaz ABŞ-ın Ukraynadakı səfirliyində keçirilən mərasim zamanı təhvil verilib. Mərasimdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi Viktor Muzhenka da iştirak edib.

Ukrayna Ordusuna verilən, ümumi sayı 2500 ədəd olan AN/PVS-14 gecəgörmə cihazlarının qiyməti təxminən 5.8 milyon dollar təşkil edib. “Harris” şirkəti tərəfindən hazırlanan gecəgörmə cihazı, ABŞ Silahlı Qüvvələri, eləcə də NATO müttəfiqləri tərəfindən geniş şəkildə istifadə olunmaqdadır.

Dəbilqəyə bağlanılan və yüksək ayırdetmə dəqiqliyinə malik hədəf tanıma sistemi və artırılmış optik çevirici ilə təchiz edilib. Cihaza quraşdırılan Gen 3 F9815 sistemi görüntü balansını istənilən hava şəraitinə uyğun olaraq tənzimləyir. Təkmilləşdirildikdən sonra AN/PVS-14 gecəgörmə cihazlarının istifadə imkanları daha da artırılıb. AN/ PVS-14 gecəgörmə cihazı eyni zamanda atıcı silaha da bağlana bilir.