04/12/2017 19:43

ABŞ və Cənubi Koreya birgə irimiqyaslı hərbi təlimlərə başlayıb

Bu gün ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri birgə ən irimiqyaslı hərbi təlimlərə başlayıb.

“AzeriDefence” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Şimali Koreyanın qitələrarası ballistik raket sınaqları fonunda “Vigilant ACE” kod adı altında keçirilən hərbi təlimlər 5 gün davam edəcək.

F-22 “Raptor” və F-35A “Lightning II” “stels” təyyarələri ilə yanaşı 230-dan çox hərbi texnikanın cəlb edildiyi təlimlərdə 12 000 hərbçi iştirak edir.

ABŞ komandanlığının bəyanatında bildirilib ki, hərbi aviasiya təlimləri ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini artırmaq və onların arasında koordinasiyanı gücləndirilmək məqsədi daşıyır.

Rəsmi Pxenyan bəyan edib ki, Cənubi Koreya və ABŞ birgə təlimləri ilə regionu nüvə müharibəsinə sürükləyəcək: “Hər hansı həmlə nüvə müharibəsinə səbəb ola bilər”.