30/08/2016 13:40

ADEX-2016: AZCAN zirehli maşınlarını nümayişə çıxarır

AZCAN Azərbaycan-Kanada Birgə Müəssisəsi  sentyabr 27-30 tarixlərində II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2016) zirehli texnikalarını nümayiş etdirəcək.

AZCAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, müəssisənin qapalı və açıq havada yerləşən ekspozisiyalarında yeni çoxfunksiyalı zirehli maşınlar, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində kompleks həllər əsasında işlənib hazırlanmış zirehli transportyorlar və xüsusi taktiki təyinatlı digər texnika nümayiş olunacaq.

AZCAN Birgə Müəssisəsinin baş direktoru Roman Şimonov bildirib ki,  təmsil etdiyi qurumun Azərbaycanda yerli istehsal sahəsini təşkil etməkdə əsas məqsədi respublikanın və qonşu ölkələrin zirehli texnikaya olan tələbatını təmin etməkdən ibarətdir: “Bizim strateji məqsədimiz Kanada təcrübəmizi və innovativ yanaşmamızı zirehli texnikanın istehsalı ilə əlaqədar yerli istehsal yaratmaq üçün istifadə etmək və bununla da yeni iş yerləri açmaq və vergi ödəməklə Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdir”.

Onun sözlərinə görə, AZCAN artıq öz müştəriləri arasında layiqli yer tutub. Müəssisə Azərbaycanın Daxili İşlər Nazirliyi, Mərkəzi Bankı və digər dövlət təşkilatları ilə müqavilələr imzalayıb. Müəssisənin texniki ekspertiza, həmçinin yüksək ixtisaslı mütəxəssislər və işçi personala malik olması mülki, xüsusi təyinatlı və hərbi məqsədlər üçün istifadə olunan yüksək keyfiyyətli zirehli maşınlar və kompleks innovativ texnologiyalar istehsal etməyə imkan verir.

Xəbərdə o da qeyd olunub ki, müəssisə zirehli offroder, inkassasiya maşınları, zirehli transportyorlar və bu kimi digər müxtəlif xüsusi hərbi və mülki təyinatlı avtonəqliyyat vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində ixtisaslaşıb.

AZCAN zirehli texnikanın üzərində geniş spektrdə kimyəvi təhlükəsizlik, silahın məsafədən idarə olunması üçün inteqrasiya olunmuş sistemlər, dronlar və yanğın aşkarlama qurğusu, partlayıcı maddələrə məsafədən ötürülən siqnalların qarşısının alınması, iğtişaşların və kütləvi izdihamların dağıdılması üçün vasitələr və s. bu kimi xüsusi təyinatlı və taktiki avadanlıqlar təklif edir.

Avtomobillər istifadəçi və sərnişinlərin təhlükəsizliyini maksimum həddə təmin etmək üçün işlənib hazırlanmışdır, eyni zamanda, yüksək səviyyəli yığma, zirehin sertifikatlaşdırılması və müasir elektronikası ilə ən yüksək beynəlxalq standartlara cavab verir.