29/09/2016 23:30

ADEX-2016: “Otokar” “Cobra II” zirehli maşınlarını Azərbaycanda tanıdır

Türkiyənin “Otokar” şirkəti ADEX-2016 sərgisində “Üçok” döyüş modulu ilə silahlandırılmış “Cobra II” zirehli nəqliyyat vasitəsini sərgiləyib.

“AzeriDefence”nin məlumatına görə, sərgii müddətində müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər “Otokar”ın stendinə baş çəkərək şirkətin nümayiş etdirdiyi yeni texnika barədə məlumat alıblar.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç ADEX-2016 sərgisinin əhəmiyyətini dəyərləndirərək rəhbərlik etdiyi şirkətin istehsal etdiyi zirehli maşınların Azərbaycanda da geniş istifadə olunduğunu bildirib.

““Otokar”ın zirehli maşınların dünyanın 30-dan çox ölkəsində 50 –dən çox istifadəçisi vardır. Bu gün dünyanın müxtəlif bölgələrində “Otokar”ın istehsalı olan 29000-dən artıq hərbi nəqliyyat vasitəsi uğurla istifadə olunur və müştərilər tərəfindən yüksək qiymətləndirilir”, – deyə S. Görgüc əlavə edib.

“Otokar” mühəndisləri tərəfindən dizayn edilmiş və istehsal olunan “Cobra II” maşınları özünün yüksək qoruma səviyyəsi, gediş daxili bölməsi və yüksək manevr qabiliyyəti ilə seçilir.

Müasir təhdidlər nəzərə alınaraq hazırlanmış “Cobra II” maşınları yüksək qoruması və daşıma səviyyəsi ilə önə çıxır. Maşın mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir. Türkiyə şəraitinə uyğun keçirilən testlərdən uğurla keçən “Cobra II” fərqli tapşırıqlar üçün modulyar dizayna malikdir. Maşının ixracat bazarı üçün xüsusi olaraq hazırlanmış amfibiya versiyası mövcuddur. Körfəz ölkələrindən birində keçirilmiş hərəkət və amfibiya testlərində “Cobra II” minlərlə kilometr yol qət edərək açıq dənizdə üzmə testini də uğurla tamamlayıb.