27/09/2018 21:57

ADEX-2018: AMEA YT Parkı mina partladan sistem və PUA-larını nümayiş etdirib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (AMEA YT Parkı) rezidentləri tərəfindən istehsal edilən məhsullar ilk dəfə olaraq ADEX-2018 sərgisində nümayiş etdirilib.

“AzeriDefence”nin məlumatına görə, AMEA YT Parkının stendində texnoparkın rezidentləri tərəfindən istehsal edilmiş bir neçə növ kamikadze PUA, habelə yeni kəşfiyyat PUA, o cümlədən mina partladan sistem və zirehli gödəkçələr sərgini ziyarət edənlərin marağına səbəb olub.

AMEA YT Parkının aparıcı mütəxəssisi Rusif Vəliyevin açıqlamasına görə, sərgidə təqdim olunan “Mini” sursatın kütləsi 3.5 kiloqram, uçuş müddəti isə 30 dəqiqəyə yaxındır. 0.5-0.7 kq ağırlığında döyüş başlığına sahib olan bu sursatın əsas hissələri karbon materialından hazırlanıb. Konteynerdə bir nəfər tərəfindən daşınan sursatın uçuş radiusu 5-7 km-dir.

Düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulan digər nümunələr katapult vasitəsi ilə xüsusi mancanaq üzərindən atılır. Orta ölçülü – çəkisi 5 kiloqram təşkil edən ikinci sursat 1.2 kq ağırlığında döyüş başlığına malikdir və uçuş müddəti 30 dəqiqə təşkil edir. Xarici görünüşdə mini “Harop”u xatırladan bu sursat elektrik mühərrikin köməyi ilə uçur və döyüş radiusunun 10 kilometrin üzərində olduğu bildirilir.

“Grand” adı verilmiş digər “gəzən sursat”ın isə kütləsi 12-15 kq, döyüş başlığı 5 kq, uçuş müddəti 3 saata yaxındır. Daxili yanma mühərrikinə sahib bu sursat 20 km radiusda hədəflərin axtarışı və zərbə endirilməsi üçün istifadə edilə bilər.

R.Vəliyevin sözlərinə görə, mina partladan qurğu 7 kilometr məsafədə, rekalslyator quraşdırıldıqda isə 14 km məsafədə minaların partladılması üçün nəzərdə tutulub.

R.Vəliyev sərgidə AMEA YT Parkının rezidentləri tərəfindən istehsal edilən mina partladan sistem və PUA-lara Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları, o cümlədən Pakistan, Sudan, Rusiya və digər ölkələrdən olan nümayəndələr tərəfindən maraq göstərildiyini deyib.