25/09/2018 08:57

ADEX-2018: “Aqreqat” İstehsalat Birliyi 30 mm-lik avtomatik qumbaraatanın istehsalına başlayıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Aqreqat” İstehsalat Birliyinin AQK-30 tipli avtomatik qumbaraatan kompleksini ADEX-2018 beynəlxalq müdafiı sərgisində təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən yaradılmış AQK-30 qumbaraatan kompleksinin sınaqları uğurla tamamlanıb və hazırda yerli hərbi qurumlardan birinə çatdırılması davam edir.

“Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev “AzeriDefence”yə açıqlamasında bildirib ki, hazırda AQK-30 üçün sifarişlər var və çatdırılması davam edir.

“Müəssisəmizdə istehsal edilən AQK-30 tipli qumbaraatan AQS-30 tipli qumbaraatanından fərqlənir. Müəssisəədə aparılan təkmilləşdirmə işləri nəticəsində AQK-30 tipli qumbaraatan xarici analoqlarla müqayisədə daha yüksək döyüş imkanlarına malikdir. Qumbaraatanın konstruksiyasında ayrılan lülənin tətbiq edilməsi qumbaraatanın istismar rahatlığını və dayanıqlığını artırır”, – deyə Cəfərquliyev yeni məhsulun üstünlüklərindən bəhs edərkən deyib.

AKQ-30A5 avtomatik qumbaraatan kompleksi 2100 m-ə qədər məsafədə yerləşən düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək qabiliyyətinə sahibdir.

Qumbaraatanın uzunluğu 882 mm, çəkisi 24 kq (dəzgahla birlikdə), mərmi qutusunun tutumu 29 qumbara, nişanalma atəş məsafəsi 2100 m, qumbaranın başlanğıc sürət 185 m/saniyədir.