27/09/2018 22:58

ADEX-2018: ATMOS M-46 Bakıda nümayiş etdirilib

İsrailin “Elbit Systems” şirkəti ATMOS özüyeriyən haubitsanın yeni modelini Bakıda keçirilən ADEX-2018 beynəlxalq müdafiə sərgisində nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, ATMOS M-46 indeksi verilmiş haubitsa keçmiş sovet istehsalı olan M-46 uzaq mənzilli yedəkdə daşınan 130 mm çaplı topun 6×6 təkər formuluna malik “Tatra” şassisi üzərinə quraşdırılmış halıdır. Topun atış uzaqlığı 40 km təşkil edir.

“Elbit Systems” nümayəndələrinin sözlərinə görə, atışın dəqiqliyini təmin etmək məqsədi ilə haubitsa kompleksi müasir atış-kontrol sistemi ilə təmin olunub. Topun heyəti maşının zirehli kabinəsində yerləşir. Maşının kabinəsi heyəti qəlpələrdən və güllələrdən qorumaqla yanaşı yanğınsöndürmə və NBC sisemi ilə də təchiz olunub

Qeyd edək ki, BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, Azərbaycan 2000-ci illərin əvvəllərində Bolqarıstandan 36 ədəd M-46 topu alıb.