29/09/2018 19:37

ADEX-2018: Azərbaycan şirkəti yeni simulyatorlarını nümayiş etdirdi – FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkının rezidentləri tərəfindən müdafiə qurumları üçün bir neçə layihə hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, sentyabrın 25-dən 27-dək Bakı şəhərində keçirilmiş ADEX-2018 beynəlxalq müdafiə sərgisində təmsil olunan Yüksək Texnologiyalar Parkının stendində hərbi qurumlar və güc strukturları üçün Azərbaycan mühəndisləri tərəfindən yaradılmış simulyatorların təqdimatı keçirilib.

Parkın rezidenti olan “CustomAR” şirkətinin hazırladığı TRIFT VR – Taktiki Atış Virtual Reallıq simulyatoru reallığa yaxın şəraitdə atış təlimləri keçirməyə imkan verir. Simulyatorda AK-74 avtomat silahından istifadə edilməklə döyüş tapşırıqlarını yerinə yetirmək olur.

Stenddə məlumat verilib ki, bu yaxınlarda “CustomAR” şirkəti ilə Cənubi Koreya Respublikasının “Frontis” şirkəti arasında virtual reallıq texnologiyalarının inkişaf etdirilməsi, Yaxın Şərq regionu üzrə layihələrin icrasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

Şirkətin “Yüksəklik” adlanan simulyatoru isə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulub. Simulyatordan tək və ayrı-ayrı hərbi hissələrin mərkəzlərini şəbəkə halında birləşdirilməsi ilə virtual təlimlər keçmək mümkündür.