26/09/2018 17:57

ADEX-2018: Azərbaycan və Fransa birgə döyüş gəmisi inşa edəcək

Fransanın “Naval Group” şirkəti 25-27 sentyabr tarixlərində Bakıda keçirilən ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisində özünün OPV-90 mühafizə gəmisinin layihəsini təqdim edib.

“Naval Group” şirkətinin Marketinq Departamentinin rəhbəri Filip Darcın “AzeriDefence”yə verdiyi açıqlamaya görə, Fransa Hərbi Dəniz Qüvvələrinin 10 ildən artıq müddətdə istismarında olan OPV-90 gəmisinin Azərbaycan Silahlı Qüvvələrinin təklifinə uyğun olaraq üzərində təkmilləşdirmə işləri aparılır.

Yeni nəsil döyüş gəmisi hesab olunan OPV-90 dənizdə sınaqdan keçirilib. Departament rəhbərinin sözlərinə görə, yeni OPV-90 gəmisi Fransa və Azərbaycan mühəndisləri tərəfindən birgə inşa olunacaq. Azərbaycan tərəfinin tələbinə uyğun olaraq yeni gəminin top və gəmi əleyhinə raket kompleksləri, o cümlədən hava hücumundan müdafiə sistemləri və s. Fransa müdafiə sənayesi tərəfindən yenilənəcək.

87 metr uzunluğunda olan OPV-90 dənizdə hərəkətə nəzarət, dəniz ehtiyatlarının mühafizəsi, axtarış-xilasetmə əməliyyatları, həmçinin humanitar yardımın göstərilməsi kimi mülki və hərbi vəzifələrin yerinə yetirilməsinə qadirdir. 1500 ton su basımı olan gəmi 5-10 tonluq helikopterləri daşımaq imkanına malikdir.