28/09/2018 12:43

ADEX-2018: Azərbaycanın VİTTA şirkəti VTOL funksiyalı uçuş aparatını təqdim edib

“VİTTA Elmi Texniki Şirkəti” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq VTOL (Vertical Take-Off & Landing) vertikal qalxma və enmə funksiyalı uçuş aparatı hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, “Stellar V” adlı PUA ilk dəfə ADEX-2018 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Şirkətin mütəxəssislərinin sözlərinə görə, PUA uzaq uçuş məsafəsi və havada daha çox qala bilməsi ilə fərqlənir. Tamamilə avtomatlaşdırılmış PUA tablet, laptop və digər cihazlar vasitəsilə iki cür idarə oluna bilər. Bunlardan 3G/4G GSM telemetriya idarəetmə sistemi ilə 100 km radiusda, transmitterin ötürmə gücündən asılı olaraq 5-50 km radiusda faəliyyət göstərir.

“Stellar V” 360 dərəcə horizontal və 90 dərəcə vertikal dönmə qabiliyyətinə malik olan iki oxlu gimbal kamera sistemi ilə təmin olunub.

“Yüksək keyfiyyətli optik və termal görüş modulları operator tərəfindən seçilmiş obyektlərin və ərazilərin həm gündüz həm də gecə vaxtı müşahidəsini təmin edir. Əlavə olaraq intellektual sistem olan “Synapse” sayəsində, bu sistem sahələrin və sərhədlərin mühafizəsi üçün uyğundur. PUA potensial düşmən obyektlərini təyin edib onların yerləşmə mövqelərini qeyd edir və kordinatları idarəetmə stansiyasına ötürür və onu izləyir. Belə keşikçəkmə istənilən yerdə, hətta ən əlçatmaz və az məskunlaşmış sərhəd ərazilərində mümkündür. Bu PUA digər pilotsuz uçuş aparatları üçün retranslyator rolunu oynayaraq, operatorun birbaşa görüntü dairəsindən kənarda olan tapşırıqları yerinə yetirə bilər”, – deyə şirkətdən bildirilib.

VTOL tipli PUA-lar imkanlarına görə perspektivli hesab olduğu üçün “VİTTA Elmi Texniki Şirkəti” bu istiqamətdə yeni həllər təklif etmək üçün öz işinə davam edir.