24/09/2018 14:56

ADEX-2018: Belarus şirkəti yenilənmiş “Satellit-M2” radiotexniki müdafiə sistemini nümayiş etdirəcək

Belarusun “558-ci Aviasiya Təmiri” Zavodu ADEX-2018 sərgisində təyyarələr üçün “Satellit-M2” radiotexniki müdafiə sistemini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “558-ci Aviasiya Təmiri” Zavodundan məlumat verilib.

Müəssisədən bildirilib ki, bir müddət əvvəl zavodun unikal məhsullarından olan “Satellit” radiotexniki müdafiə sistemi Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri üzərində sınaqdan keçirilib. Azərbaycan tərəfi məhsulun imkanlarından razıdır.

““Satellit” kompleksi rəqibin radiosiqnallarla idarə olunan yüksək dəqiqlikli silahlarından və bütün növ ZRK-lərdən təyyarənin müdafiəsini təmin edir”, – deyə müəssisədən bildirilib.

Zavod ADEX-2018 sərgisində həmçinin “Qrif”, “Kondor”, “Şerşen”, “Bekard-1” və “Moskit” pilotsuz uçuş aparatlarını da maket halında sərgiləyəcək.