29/09/2018 22:39

ADEX-2018: İran 2012-ci ildə ələ keçirdiyi Amerika PUA-nın kopyasını Bakıda sərgiləyib – FOTO

"Yasir" PUA

İranın Qüds Aviasiya Sənayesi təşkilatı istehsal etdiyi iki pilotsuz uçuş aparatını Bakıda nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, təşkilatın istehsal etdiyi “Bina” adlı mini ölçülü kəşfiyyat-müşahidə PUA-nın uzunluğu 1.65 m, qanad açıqlığı 2 metr və çəkisi 5 kq-dır. Bir əsgər tərəfindən idarə olunan “Bina” havaya əllə atıldıqdan sonra elektrik mühərrikinin işə düşməsi ilə hərəkətə keçir.

Qüds Aviasiya Sənayesi təşkilatının sərgidə iştirak edən yetkililərinin sözlərinə görə, PUA-nın uçuş hündürlüyü 350 metr, havada qalma müddəti 1 saat, sürəti 75 km/saatdır.

“Bu aparatı ilk dəfədir nümayiş etdiririk. “Bina” 10  km radiusda kəşfiyyat aparmaq imkanına sahibdir”, –  deyə şirkət nümayəndəsi bildirib.

“Bina” mini PUA


Müəssisə Amerikanın məşhur “ScanEagle” PUA-nın əsasında yaradılmış “Yasir” PUA-nı da sərgidə nümayiş etdirib. İlk versiyasından quyruq hissə dizaynının (V formalı) dəyişdirilməsi ilə fərqlənən “Yasir” müəssisə rəsmilərinin sözlərinə görə, həm hərbi gəmilərdə, həm də quruda istifadə olunma xüsusiyyətinə sahibdir. PUA-nın uzunluğu 3 metr, qanad açıqlığı 2.1 metr, çəkisi 21 kq, sürəti 130 km/saat təşkil edir. 8 saatlıq uçuş müddətinə malik “Yasir” PUA-ı 10000 metr yüksəklikdə və 100 km radiusda fəaliyyət göstərə bilir. Hazırda adıçəkilən PUA İran Ordusunun istifadəsindədir. “Yasir”in bir nümunəsi də Rusiyaya hədiyyə edilib.

Qeyd edək ki, İran 2012-ci ilin dekabr ayında Fars körfəzi üzərində hava sahəsini pozan ABŞ ordusuna aid “ScanEagle” PUA-nı xüsusi vasitələrlə ələ keçirdiyini açıqlayıb. Bundan sonra İran daha 2 ədəd eyni PUA tutub. “ScanEagle” dizaynına əsaslanan “Yasir”in ilk nümunəsinin təqdimatı isə 2013-cü ilin sentyabr ayında keçirilib.