27/09/2018 22:45

ADEX-2018: “Milli Boat”lar təqdim olundu – FOTO

Azərbaycanın “Caspian Ship Building Company” (CSBC) şirkəti “Milli Boat” layihəsini ADEX-2018 beynəlxalq müdafiə sərgisində ilk dəfə təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, layihə üzrə 4 katerin konseptual dizaynı hazırlanıb. Bunlar 35, 28, 17 və 14 metr uzunluğa malik itisürətli katerlərdir.

Şirkətin baş direktoru Fuad Fətəliyev “AzeriDefence”yə açıqlamasında bildirib ki, “Milli Boat” layihəsi çərçivəsində təklif olunan katerlər yüksək imkanları və sürətinə görə seçilir. Katerlərin sürəti 70 uzl təşkil edir və hazırda Xəzər dənizində bu sürətə malik üzmə vasitəsi mövcud deyil.

“Katerlər qaçaqmalçılıqla mübarizə, xüsusi təyinatlı bölmələrin əməliyyat zonasına nəqli, eləcə də fast-attack əməliyyatlar üçün əvəzolunmazdır. Hazırda bu layihədir. Müvafiq qurumların ehtiyacı olarsa istehsalına başlaya və qısa zamanda təhvil verə bilərik”, – deyə F. Fətəliyev qeyd edib.

F.Fətəliyev DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində 2014-cü ildən bu günədək “Şahdağ” (orijinal adı “Shaldag Mk.V”) tipli 5 ədəd, “Tufan” (OPV-62) tipli 6 gəmi inşa etdiklərini bildirib. Hazırda “Tufan” layihəli sonuncu gəminin üzərində işlər aparılır.

“Bizim inşa etdiyimiz bu gəmilər DSX Sahil Mühafizəsi tərəfindən dəniz sərhədlərimizin mühafizəsinin təşkilində istifadə olunur. Zavodumuz müxtəlif qabartilərdə və tiplərdə gəmi və katerlərin inşasını həyata keçirmək imkanına sahibdir”, – deyən F. Fətəliyev onu da əlavə edib ki, gəmi inşası tam şəkildə yerli mütəxəssislərin iştirakı və nəzarəti altında həyata keçirilir.