25/09/2018 09:31

ADEX-2018: MSN Elmi-Tədqiqat İnstitutu yeni bomba yönləndirmə dəstini təqdim edib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutu 50 kiloqramlıq sərbəst düşən aviasiya bombaları üçün hazırladığı yeni yönləndirmə dəstini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, yeni yönləndirmə dəsti ADEX-2018 sərgisində MSN Elmi-Tədqiqat İnstitutunun istehsalı olan 50 kiloqramlıq aviasiya bombasına quraşdırılmış halda nümayiş etdirilib.

MSN Elmi-Tədqiqat İnstitunun baş direktoru Novruz Abdullayevin sözlərinə görə, sərgidə İnstitut tərəfindən hazırlanmış qanadlı yönləndirmə dəsti, 50 kq-lıq bombalar üçün yeni təkmilləşdirilmiş süzmə və yönləndirmə dəsti, həmçinin Türkiyənin ASELSAN şirkəti ilə birlikdə Azərbaycan istehsalı olan 250 kiloqramlıq sərbəst düşən aviasiya bombalarına inteqrə edilmiş Lazer Yönləndirmə Dəsti (Lazer Güdüm Kiti) nümayiş etdirilir.

N.Abdullayevin sözlərinə görə, bu dəst quraşdırılmış bomba təyyarədən atıldıqdan sonra atılma istiqamətindən asılı olmayaraq əvvəlcədən koordinatları onun yaddaşına daxil edilmiş hədəfə yönəlir. Yeni məmulatda əlavə olaraq bərk yanacaqlı mühərrik də qurulub ki bu da onun uçuş məsafəsinin dəfələrlə artırılmasına imkan verir.