19/09/2018 15:33

ADEX-2018: MSN mütəxəssisləri tərəfindən yeni mina detektoru hazırlanıb

Müdafiə Sənayesi Nazirliyinin “Üfiq” İstehsalat Birliyi İMA-07 mina detektorunun təkmilləşdirilmiş yeni versiyasını hazırlayıb.

Bu barədə “AzeriDefence” jurnalının ADEX-2018 Xüsusi Buraxılışına müsahibəsində “Üfiq” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev bildirib.

Ç.Əliyevin sözlərinə görə, yeni yaradılan minaaxtaran cihaz yerin 2,5 metr dərinliyindəki metal elementləri, döyüş sursatlarını və mühəndis minalarını aşkarlamağa imkan verəcək.

“Bu müəssisəmizdə hələ sovet dövründən istehsal edilən İMA-07 adlı mina detektorunun yeni, təkmilləşdirilmiş versiyasıdır. Yeni cihaz İMA-07-dən daha güclü və daha mürəkkəbdir”, – deyə müəssisə rəhbəri vurğulayıb.

Çingiz Əliyev bildirib ki, İMA-07 mina detektoru Azərbaycan Silahlı Qüvvələri tərəfindən uzun illərdir istifadə edilir. Ötən müddətdə hərbçilərin təşəbbüsləri və təklifləri nəzərə alınmaqla detektor təkmilləşdirilib, müxtəlif istismar şəraitində aşkar olunmuş problemlər aradan qaldırılıb.

“Çəkisi azaldılıb, qablaşdırılması təkmilləşdirilib. Radioelemenet bazası daha müasir və daha keyfiyyətli nümünələrlə əvəz olunub. Cari ildə adıçəkilən məhsulla bağlı böyük həcmdə sifariş alınaraq çatdırılmasına dair müqavilələr imzalanıb”, – deyə İstehsalat Birliyinin rəhbəri əlavə edib.

Qeyd edək ki, yeni mina detektorunun ADEX-2018 sərgisində nümayişi planlaşdırılır.