27/09/2018 18:16

ADEX-2018 müdafiə sərgisi başa çatıb – FOTOLAR

Sentyabrın 27-də Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisi öz işini başa çatdırıb.

“AzeriDefence”nin məlumatına görə, üç gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və s. dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə – Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar.

Azərbaycan Prezidenti İlham Əliyev ADEX-2018 sərgisini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olub. Sərgini Azərbaycanın baş naziri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri də ziyarət ediblər. Dövlət rəsmiləri nümayiş etdirilən yerli məmulatları böyük maraqla izləyiblər.

ADEX-2018 sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan – 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62×54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6×70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 12,7×108 millimetrlik “Mübariz” snayper tüfəngi, 12,7×108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23×115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5×114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki, nümayiş etdirilib. Nümayiş etdirilən məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, ST-12,7 tipli iriçaplı snayper tüfəngi, İST-23 tipli iriçaplı snayper tüfəngi və digər məmulatlar iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sərgiyə qatılan ölkələrdən Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin rəsmi nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri olub. İkitərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, nazirliyin aidiyyəti qurum rəhbərlərinin də bir sıra görüşləri olub, mövcud əmakdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair danışıqlar aparılıb.  Görüşlərdə xarici nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil edildiyini, sərgidə iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğulayıblar.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin ADEX-2018 sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini göstərib.

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Türkiyə, Rusiya, Fransa, Belarus, İsrail, Pakistan, Çin, Ukrayna, Bolqarıstan, Qazaxıstan, Belarus və digər ölkələrin stendlərini ziyarət edib, nümayiş etdirilən məmulatlarla yaxındın tanış olub. Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair anlaşma memorandumu imzalanıb.

Sərginin əhəmiyyətini və sərgiyə olan marağı nəzərə alaraq tədbirin üçüncü günü “Açıq gün” olub. Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakultəsinin tələbələri və eyni zamanda sıravi vətəndaşlar da olub.

ADEX-2018 sərgisinə eyni zamanda yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərilib. Sərginin gedişatı ilə bağlı mütəmadi olaraq dolğun informasiyalar yayılıb. “Azeri Defence” jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edib.