25/09/2018 10:01

ADEX-2018: “Orbiter-4” mini taktik PUA-ı təqdim edib

Müdafiə Sənayesi Nazirliyinin İsrailin “Aeronautics Defense Systems” şirkəti ilə birgə müəssisəsi olan “Azad Systems” ADEX-2018 beynəlxalq müdafiə sərgisində “Orbiter” mini pilotsuz uçuş aparatları (PUA) xəttinin son nümunəsi olan “Orbiter-4” mini taktik PUA-nı təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, “Orbiter-4” özünün faydalı yükü və taktik imkanlarına görə, sələfi “Orbiter-3” və “Orbiter-2” PUA-lardan əhəmiyyətli şəkildə fərqlənir.

İlk dəfə 2016-cı ilin sentyabr ayında Bakıda ADEX-2016 sərgisində “Aeronautics” şirkəti tərəfindən sərgilənən “Orbiter-4” mini taktik PUA eyni zamanda iki fərqli faydalı yükü daşıma və idarə etmə qabiliyyətinə malik çoxmissiyalı platformadır. Havada 24 saatdan çox qala bilən PUA-nın uçuş ağırlığı 50 kq, uçuş tavanı 5486 metr, uçuş uzaqlığı 250 kilometrdir. PUA 3 nəfər tərəfindən daşınır və idarə olunur.

PUA “Controp” şirkətinin istehsalı olan T-STAMP-XR elektro-optik kompleks, habelə SAR radarı və peyk rabitəsinə malikdir.