25/09/2018 10:18

ADEX-2018 öz işinə başlayıb – FOTOLAR

Bu gün Bakı şəhərində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-2018 öz işinə başlayıb.

“AzeriDefence”in məlumatına görə, sərginin açılışını Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov edib. F.Ələsgərov Prezident İlham Əliyevin təbrik məktubunu sərgi iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra, çıxış edən Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yahya Musayev bildirib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahların xarici ölkələrə satışı artırılıb. Sərgidə MSN-nin 260-dan artıq hərbi məmulatı nümayiş olunur.

Bakı Ekspo Mərkəzində keçirilən sərgidə müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunur. Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il ADEX-2018 sərgisi dünyanın 32 ölkəsini təmsil edən 209-dan artıq şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcəkdir. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr ADEX 2018 sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunur. Burada, sərgini ziyarət edənlər ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan “Vitta” Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.

Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane’s Defence Weekly” dərgisidir. Sərginin “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” jurnalı yerinə yetirir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

“ADEX” sərgisində həm hərbi, həm də ikili təyinatlı məhsullar təqdim edən müəssisə və təşkilatların sayı artır və sərgidə nümayiş olunan eksponatların sayı isə çoxalır. Beləliklə, ADEX 2018 sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, Silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunur. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda MİQ, “Leonardo”, ОАК, “Motor Siç”, “Rusiya Vertolyotları” və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edirlər.

Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də sənaye nazirliklərinin rəhbərləri, xarici hərbi nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşləri keçirilir.

Qeyd edək ki, ADEX 2018 sərgisi sentyabrın 25-dən 27-dək davam edəcək.