24/09/2018 13:13

ADEX-2018: Rusiya hərbi sənayesi Bakıda 250-dən çox məhsul nümayiş etdirəcək

Rusiya hərbi sənayesi ADEX-2018 beynəlxalq müdafiə sərgisində “Rosoboroneksport” Səhmdar Cəmiyyətinin təşkilatçılığı altında təmsil olunacaq.

Bu barədə “AzeriDefece”yə “Rosoboroneksport” SC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətin baş direktoru Aleksandr Mixeyev bildirib ki, “Rosoboroneksport” ADEX sərgisinin ənənəvi iştirakçısıdır: “Bu sərgi bizim üçün Xəzəryanı region ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. “Rosoboroneksport” Xəzəryanı ölkələrə tək hərbi texnikanı təklif etmir, həm xidmət, həm mütəxəssis hazırlığı, həm də təmirlə bağlı müxtəlif infrastruktur layihələri həyata keçirir. Rusiya məhsuluna ənənəvi yüksək lokal tələbatı nəzərə alaraq, biz bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına böyük marağın təzahürünü gözləyirik”.

Sərgidə Rusiyanı “Vımpel” SC, Taktik Raket Silahları Korporasiyası, “Rusiya Vertolyotları” SC, “MiQ” RSK, “Şvab” SC, “Ural Vaqon Zavod” Elmi İstehsalat Müəssisəsi daxil olmaqla, 20-dən çox şirkət təmsil edəcək. Rusiya hərbi sənayesi müəssisələri ümumilikdə 250-dən çox məhsulu nümayiş etdirəcək. Bunların arasında MiQ-29M çoxfunksiyalı döyüş təyyarəsi, Mi-28NE və Ka-52 döyüş helikopterləri, Mi-17V-5, Mi-26T2 hərbi nəqliyyat helikopterləri, “Ansat” çoxməqsədli yüngül helikopter, “Tor-M2KM” zenit-rakket kompleksi və “Verba” daşınan ZRK-lər də yer alır.

Quru Qoşunları üçün BTR-82A zirehli transportyoru və “Tiqr” zirehli avtomobili, həmçinin zirehli tank və avtomobil texnikası üçün texniki təmir vasitələri sərgilənir.

“Region ölkələrinin Hərbi Dəniz Qüvvələri Rusiya tərsanələrinin istehsalı olan 21980E “Qraçnok” xüsusi təyinatlı kater, 02510 layihəli BK-16 sürətli desant kateri, 02450 layihəli BK-10 sürətli hücum katerinə maraq göstərirlər”, – deyə məlumatda qeyd olunub.