23/09/2018 11:08

ADEX-2018: Rusiyanın “Texmaş” Konserni Bakıda yeni raketlərini təqdim edəcək

Rusiyanın “Texmaş” Konserni ADEX-2018 sərgisində yeni raketlərini, habelə səhra və dəniz artilleriyası üçün yeni partladıcılarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Texmaş” Konserninin mətbuat xidmətindən məlumat verilib.

Sərgidə “Texmaş” Konserni tərəfindən nümayiş etdiriləcək “Qrad” yaylım atəşli reaktiv sistemlər (YARS) üçün hazırlanmış 9M521 idarəolunmayan qəlpə-fuqas reaktiv raketinin maksimal atış uzaqlığı 40 kilometr təşkil edir. Raket -50, _50 dərəcə selsi temperaturlarda tətbiq oluna bilir.

ADEX-2018 sərgisində həmçinin qəlpə-fuqas döyüş başlıqlı 80 mm-lik S-8OFP yeni nəsil idarə olunmayan aviasiya raketi də təqdim olunacaq. Qarışıq bərk yanacaqla işləyən, yüksək enerjili mühərrikin tətbiq edildiyi bu raket tək və qrup hədəflərinin məhvi üçün nəzərdə tutulur. Konsernin məlumatında iddia olunur ki, raket istənilən meteoroloji şərtlərlərdə suüstü gəmiləri vurmağa imkan verir. Əvvəlki nəsil çoxfunksiyalı raketlərinin üç tipinin xüsusiyyəti hazırda bu raketdə cəmləşdirilib. Raket B8M-1 və B8V20-A ştat bloklarından tətbiq edilir.

Sərgidə “Texmaş” dəniz YARS-larının raketləri üçün UDV-60 partladıcılarının bir neçə növünü də təqdim edəcək. Bu partladıcılar 15 metrdən 350 metrədək su altında mərminin partlamasını təmin edir.