24/09/2018 12:28

ADEX-2018 sərgisində 29 ölkədən 225 şirkət iştirak edəcək

Bakıda keçiriləcək ADEX-2018 sərgisində dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirilib.

“Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətlərdən ibarət 11 milli stendin iştirakı nəzərdə tutulub. Sərgi müasir silah, texnika və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün əla imkan yaradır”, – deyə Y. Musayev vurğulayıb.

Bildirilib ki, ADEX 2018 sərgisində Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq.

Bu il sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunacaq və bu sektorda MiQ, “Leonardo”, ОАК, “Motor Siç”, “Rusiya Vertolyotları” və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər. Bir sıra sərgi iştirakçısı ölkələr əvvəlki illərlə müqayisədə öz milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə daxil olan ölkələr sırasına Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət)  daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə etməkdədir.

Bu il ADEX-2018 sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayına görə keçən iki sərgidən daha yüksək göstərici əldə edib. Belə ki, sərgidə dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulub. Misir, Qazaxıstan və Özbəkistan ADEX sərgisinə nümayəndələrini ilk dəfə göndərən ölkələr arasında yer alıb. Sərgi çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycanın nazirlik və strukturlarının təmsilçiləri arasında danışıqların aparılması nəzərdə tutulub. Bu danışıqlar zamanı ikitərəfli hərbi-texniki əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, “Azeri Defence” jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.