25/09/2018 09:15

ADEX-2018: “Şərq” İstehsalat Birliyi yeni avtomatı təqdim edib

Bakıda keçirilən ADEX-2018 beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyi AZ-50 indeksli yeni avtomatını təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin stendində nümayiş etdirilən AZ-50 avtomatı AK-47 dizaynı əsasında yaradılsa da “Kalaşnikov” avtomatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əsas fərqlərdən biri silahın uzunluğu tənzimlənən teleskopik qundağa malik olmasıdır. Digər dəyişiklik isə silahın işçi mexanizmlərində edilib.

7.62×39 mm-lik AZ-50 avtomatının digər fərqləndirici cəhəti yerli mühəndislər tərəfindən dizayn edilmiş 50 patron tutumlu darağa sahib olmasıdır. Daraq sınaqlardan uğurla çıxıb və “Kalaşnikov” avtomatlarının da dəstləşdirilməsində istifadə oluna bilər.

“Bu daraq 50 patron tutur və göründüyü kimi bənzər daraqlardan həcminə görə fərqlənir. Sınaqlar zamanı daraqda ilişmə və digər problemlər qeydə alınmadı”, – deyə “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov qeyd edib.

Qeyd edək ki, “Şərq” İstehsalat Birliyi ADEX sərgisində 5.56 mm-lik EM-14, 7.mm-lik AZ-7.62 avtomatlarını da sərgiləyir.