28/09/2018 20:58

ADEX-2018: TİSAŞ yeni polimer tapançalarını Azərbaycanla birgə istehsal edə bilər

Türkiyədə tapança istehsalı üzrə aparıcı şirkətlərdən olan TİSAŞ 25-27 sentyabr tarixlərində Bakıda keçirilən ADEX-2018 sərgisində “Zigana” ailəsinin yeni versiyası “Zigana PX-9”, “Zigana P9L” və “Zigana P9LC” polimer tabançalarını ilk dəfə olaraq nümayiş etdirib.

TİSAŞ şirkətinin İdarə Heyətinin nümayəndəsi Murat Aləmdaroğlunun “AzeriDefence”yə açıqlamasına görə, şirkət “Zigana PX-9” polimer tapançanın istehsalına 2016-cı ildə, lüləsi biraz daha uzun olan “Zigana P9L” və “Zigana P9LC” tabançalarının istehsalına isə 2018-ci ilin mart ayında başlayıb.

Azərbaycanla birgə əməkdaşlığın uğurla davam etdiyini qeyd edən şirkət nümayəndəsinin sözlərinə görə, artıq testlərin keçirilməsi üçün yeni model tapançalar Azərbaycana göndərilib. Murat Aləmdaroğlu bildirib ki, testlər keçirildikdən sonra müvafiq qərar verilərsə Azərbaycanla polimer gövdəli tapançaların da istehsalı həyata keçiriləcək. Polimer tapança öz çəkisinə görə (650 qram) adi tapançalardan öz çəkisinin yüngüllüyü ilə fərqlənir. Soyuq döymə metodu ilə lülənin hazırlanmasına görə, tapançalar uzun ömürlü hesab olunur.

Bildirilib ki, TİSAŞ istehsal etdiyi silahların əsas hissəsini başda ABŞ olmaq üzrə Pakistan, Azərbaycan, Peru, Burkina Faso, Almaniya, Paraqvay, Misir, Efiopiya, Suriya, Kosta Rika, Qvetemala, Kolumbiya, İtaliya və İran daxil olmaqla 30 ölkəyə ixrac edir.

Şirkət Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən “Zigana K” və “Zigana F” modellərinin “nou-hau” olaraq Azərbaycanda istehsalına icazə verib. “Zəfər”, “Zəfər-K” və “İnam” adı ilə Bakıda istehsal edilən bu tapançalar Azərbaycan Müdafiə Nazirliyinin heyət (tabel) silahı olaraq seçilib.